Abituriyent

Azərbaycan Respublikası ali məktəblərinin bakalavr pilləsinə və orta (11-illik) təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbulu qaydalarıTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının dövlət, qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə (Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, digər nazirlik və idarələrin təhsil müəssisələrinə) tələbə qəbulunu mərkəzləşdirilmiş şəkildə test üsulu ilə aşağıdakı qaydalara əsasən həyata keçirir:

1. Ali və orta ixtisas məktəblərinə qəbul olunmaq hüququna ümumi orta təhsili başa vurmuş və orta təhsil haqqında sənədi olan şəxslər malikdirlər.

Ali təhsilli abituriyentlər ali məktəblərə yalnız ödənişli əsaslarla qəbul oluna bilərlər.

Xarici dövlətlərin vətəndaşları da, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, ali və orta ixtisas məktəblərinə yalnız ödənişli əsaslarla qəbul oluna bilərlər.

2. Ali məktəblərin qəbul aparılan ixtisasları dörd qrupa bölünür:

I ixtisas qrupu
riyaziyyat, fizika, mü­həndislik və xüsu­si qabiliyyət tələb edən memarlıq və dizayn ixtisasları
II ixtisas qrupu
iqtisadiyyat, idarəetmə, sosiologiya və coğra­fiya ixtisasları
III ixtisas qrupu
humanitar, beynəlxalq müna­si­bət­lər və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları
IV ixtisas qrupu
tibb, kimya, biologiya, psixolo­gi­ya və xüsusi qabiliyyət tələb edən idman ixtisasları.


3. Orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:

I ixtisas qrupu
tex­ni­ki, iqtisad, hüquq, peda­qoji
ixtisas­lar və xüsusi qabiliyyət tələb edən dizayn və bədən tərbiyəsi ixtisasları;
II ixtisas qrupu
kimya-texnoloji və tibb ixtisasları;
III ixtisas qrupu
humanitar ixtisaslar və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları.


4. Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.

5. Ərizə qəbulu

Ali və orta ixtisas məktəblərinə qəbul imtahanında iştirak etmək üçün abituriyent internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni doldurur və aşağıdakı sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim etməklə ərizəsini rəsmiləşdirir:

—  orta və ya ali təhsili haqqında sənədi:

  1. əvvəlki illərin məzunu sənədin əslini;
  2. cari ilin məzunu olan Azərbaycan Respublikasının vətəndaşı təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş formada arayışı;

—  şəxsiyyəti təsdiq edən sənədin əslini:

  1. Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsini;
  2. 16 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşı doğum haqqında şəhadətnaməni;
  3. xarici dövlətlərin vətəndaşları milli pasportu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəsini;

—  hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.


Xarici dövlətlərin vətəndaşları yuxarıda qeyd olunan sənədlərlə yanaşı onların notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər. Xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmaq istəyənlər sənədlərini müvafiq nazirlik və idarələrin müəyyənləşdirdiyi qaydalara əsasən təqdim edirlər.

6. Ali və orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətlərinə dair işləri təqdim edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və onlar qeydiyyata alınır. Qeydiyyata alınmış abituriyentlər müəyyən edilmiş cədvəl üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanlarında iştirak edirlər.

7. Qəbul imtahanı

Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanları ali məktəblərin ixtisas qrupları üzrə aparılır. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir:

8. İxtisas seçimi

Ali məktəblərə qəbul olunmaq üçün ixtisas seçimi abituriyentlərin imtahan nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçmək (müsabiqədə iştirak etmək) üçün abituriyentin topladığı ümumi bal ilə yanaşı, onun imtahan verdiyi hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı da TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Abituriyentlər dövlət və qeyri-dövlət ali məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan, imtahan verdikləri ixtisas qrupuna aid 8-dək ixtisas kodunu istədiyi ardıcıllıqla seçir, internet vasitəsilə müvafiq elektron ərizə formasına daxil edir və müəyyən edilmiş müddət ərzində ixtisas seçimini təsdiqləyirlər.

9. Xüsusi qabiliyyət tələb edən ixtisasları ərizələrində yalnız qabiliyyət imtahanından müvəffəq qiymət alan abituriyentlər göstərə bilərlər.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, həmin ixtisas qrupuna daxil olan digər ixtisasları da seçmək imkanı verilir.

10. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan plan yerlərinə yerləşdirmə aparıla bilər

11. Ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra orta təhsil bazasından orta ixtisas məktəblərinin plan yerləri üzrə ixtisas seçimi aparılır. Abituriyent dövlət və qeyri-dövlət orta ixtisas məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan, imtahan verdiyi ixtisas qrupuna uyğun 12-dək ixtisas kodunu istədiyi ardıcıllıqla seçir, internet vasitəsilə müvafiq elektron ərizə formasına daxil edir və müəyyən edilmiş müddət ərzində ixtisas seçimini təsdiqləyir.

Orta ixtisas məktəblərinin I qrup ixtisaslarını ali məktəblərin bütün ixtisas qrupları üzrə, II qrup ixtisaslarını ali məktəblərin I və IV ixtisas qrupları üzrə, III qrup ixtisaslarını isə ali məktəblərin III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər seçə bilərlər.

Ali məktəblərə qəbul olunan abituriyentlər orta ixtisas məktəblərinin plan yerləri və ali məktəblərin boş qalan plan yerləri üzrə ixtisas seçimində iştirak edə bilməzlər.

12. Müsabiqə abituriyentin seçdiyi ixtisas qrupu (altqrupu) üzrə topladığı ümumi bal əsasında aparılır. İxtisaslar üzrə abituriyentlərin yerləşdirilməsi onların elektron ərizə formasında qeyd etdikləri ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xüsusi təyinatlı ali məktəblərə sənəd verən abituriyentlər müsabiqədə ilk növbədə həmin ali məktəbin müvafiq ixtisası üzrə iştirak edirlər.
Ümumi balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda, aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

  • əsas fənlər üzrə nisbi balların cəmi;
  • əsas fənlər üzrə attestat qiymətlərinin cəmi;
  • əsas fənlər üzrə düzgün cavabların saylarının cəmi;
  • fənlərin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
  • bütün fənlər üzrə bütövlükdə abituriyentin düzgün cavablarının sayı;
  • fənlərin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə abituriyentin düzgün cavablarının sayı.

13. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentlərin qabiliyyət imtahanlarında topladığı orta bal əsasında aparılır. Orta balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda, aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

  • abituriyentin test imtahanında topladığı ümumi bal;
  • abituriyentin qabiliyyət imtahanında ixtisas fənnindən topladığı bal;
  • test imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;
  • test imtahanının əsas fənləri üzrə attestat qiymətlərinin cəmi;
  • test imtahanının əsas fənləri üzrə düzgün cavabların saylarının cəmi;
  • test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
  • test imtahanının bütün fənləri üzrə bütövlükdə abituriyentin düzgün cavablarının sayı.

Digər müddəalar

14. Təhsil formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir.

15. Abituriyentlər müəyyən olunmuş müddətdə imtahan nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan apelyasiya komissiyalarına müraciət edə bilərlər.
Bir ali məktəbdən digərinə köçürülmək, təhsil formasını və ya ixtisası dəyişdirmək və təhsil haqqını ödəməklə bağlı müraciətlərə baxılmır.

16.Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Abituriyent öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və ya xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlıqlara yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.

Gənclər üçün Təhsil Mərkəzi © 2008
Bütün hüquqlar qorunur